2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı açıqlanıb. Yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.

Linkə daxil olaraq tam siyahı ilə tanış ola bilərsiniz:

https://edu.gov.az/uploads/news/2025/2026-2027-ci%20t%C9%99dris%20ilinin%20siyah%C4%B1s%C4%B1%20%28DP%29.pdf

Qarşılanan xərclər:

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi aşağıdakı xərclər üzrə həyata keçirilir:
* təhsil xərcləri;
* viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;
* aylıq yaşayış xərcləri;
* tibbi sığorta xərcləri;
* beynəlxalq nəqliyyat xərcləri;
* bank və plastik kart xərcləri.

İlkin seçim meyarları (bakalavriat səviyyəsi üzrə):

* Namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil alması və ya tam orta təhsilə malik olması;
* Namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
* Namizədin xarici ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;
* Namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS,JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması;
* Namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyisahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digərsahələr üzrə ən azı 550 bal toplaması.

İlkin seçim meyarları (magistratura səviyyəsi üzrə):

* Namizədin cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);
* Namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
* Namizədin xarici ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;
* Namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS,JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması;
* Namizədin bakalavriat təhsil səviyyəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 81 bal və ya ondan yuxarı olması (və ya xaricdə ali təhsil aldıqda digər qiymətləndirmə şkalaları üzrə ekvivalentliyin təmin olunması).

Xaricdə təhsil almaq – haradan başlamalı və nələri bilməlisiniz? Bloqlarımıza daxil olaraq və ya ödənişsiz konsultasiyada iştirak edərək suallarınıza cavab tapa bilərsiniz.