Dostlar, yəqin ki, hər biriniz lüğət öyrəndikdən müəyyən müddət sonra əzbərlədiyiniz sözləri artıq xatırlamadığınızı müşahidə etmisiniz. Bugün sizinlə böyük səy göstərərək əzbərləyib, daha sonra unutduğumuz sözlərdən danışacağıq. Odur ki, asan yolla söz öyrənmək və öyrəndiyiniz sözləri unutmamaq üçün qeyd etdiyim 5 metoda göz atın.

#1 Hissələrə bölərək Söz öyrənmək

Etiraf edək ki, ingilis dilində söz öyrənmək və ya başqa bir mövzu üzərində çalışmağa başlayarkən, çox zaman tənbəllik edirik. Bəzən isə başlayıb bitirmək yerinə, başlamamaq üçün fərqli bəhanələr yaradırıq və nəticədə həmin işi rəfə qaldırırıq. Bütün bunları yaşamamaq üçün öyrənəcəyimiz mövzunu hissələrə bölərək çalışmağa başlamalıyıq. Odur ki, ingilis dilini öyrənmək və qalıcı şəkildə söz öyrənmək üçün ilk metodumuza başlayaq.

Deyək ki,bu həftəsonuna kimi 100 söz öyrənməyi planlamısınız. İlk gün 20 söz əzbərləyin və gün içərisində öyrəndiyiniz 20 sözü təkrar edərək daha qalıcı hala gətirin. Bilirik ki, təkrar biliyin anasıdır 🙂 

Sonrakı 5 gün – öncəki günlərdə əzbərlədiyiniz sözləri gözdən keçirib,eyni zamanda yeni 20 söz əzbərləməyə davam edin. Beləliklə beşinci günün sonunda 100 söz öyrənmiş olursunuz. Altıncı gün isə öyrəndiyiniz 100 söz içərisindən unutduğunuz sözləri qeyd edib, dərhal təkrar edin. Eyni zamanda bu sözləri tərcümələri ilə birlikdə oxuyaraq, səsinizi yazın və səs yazınızı yoldaykən belə dinləyib, sözləri təkrar edə bilərsiniz.

#2 Vizual görüntü effekti

Məlumdur ki, nəyisə yada salmaq istəyərkən  ilk növbədə  görüntüləri xatırlayırıq. Elə bu səbəbdən, ingilis dilini öyrənmək üçün də vizual görüntülərdən istifadə edəcəyik. Öyrəndiyimiz sözləri vizual olaraq da dəstəkləsək daha yaxşı xatırlamağımıza kömək olar. Necə edəcəyimizə birlikdə baxaq.

Sözlərlə mənaları arasında vizual bağlantı qura bilərik. Məsələn “Butterfly” sözünü kəpənək çəkərək və ya sözü xatırladan hər hansı bir şəkillə yadımızda saxlaya bilərik. Beləliklə, həmin vizualı gördükdə öyrəndiyiniz sözü bir daha xatırlayacaqsınız.

#3 Beynimizi səliqəyə salaq

Öyrəndiyimiz hər yeni söz beynimizdə yeni bir qovluq açmaq deməkdir və hər yeni söz öyrənərkən daha bir qovluq açmaq sonda qarışıqlığa səbəb ola bilər. Dayanın ! Qorxmayın ! Bunu aradan qaldırmaq üçün də bir metodum var 🙂

Sözləri öyrənərkən törəmələri ilə birlikdə öyrənin. Deyək ki, “Use” sözünü öyrəndiniz onunla birlikdə user, useful, useless və s kimi törəmələrini də öyrənərək işinizi asanlaşdıra bilərsiniz. Necə? Dərhal cavablayıram 🙂

Siz “Use” sözünü bildiyiniz üçün, artıq digər törəmələrini öyrənərkən çətinlik çəkməyəcəksiniz. Beyniniz artıq bu formada öyrəndiyiniz törəmə sözləri yeni bir qovluq açmadan, eyni bir qovluğa yığır. Tək bir sözlə başladınız, amma törəmələri  olan digər 3 sözü də asan şəkildə  öyrəndiniz. Mənaları əlaqəli olduğu üçün hər birinin hansı mənaya gəldiyini anlamaq və xatırlamaq artıq daha rahat olacaqdır. Nəticə olaraq, artıq use sözünün tərcüməsini  daha tez xatırlamaqla yanaşı, eyni zamanda digər törəmələri də  xatırlamış olacaqsınız. Beləliklə sizin üçün söz öyrənmək daha asan olacaq.

#4 Oyunlar

Boş zamanlarınızda ingilis dilində söz öyrənmək metodları arasında ən asan metod – Oyun oynamaqdır. Bəli səhv eşitmədiniz – Oyunlar oynayın. Məktəbə gedərkən, işdən evə qayıdarkən və digər boş zamanlarınızda telefonunuza yüklədiyiniz mobil söz oyunları ilə asudə vaxtlarınızı dəyərləndirə bilərsiniz. Bu sayədə həm yeni sözlər öyrənmiş, həm də vaxtınızı boşa xərcləməmiş olacaqsınız. Eyni zamanda bu metodla söz öyrənmək daha əyləncəli olacaq. Bu oyunlar arasında Scrabble, Boggle ve Cranium ən bilinənləridir. Bu metod vasitəsilə, eyni zamanda həm söz əzbərləyib, həm də açıqlama şəklində mənalarını görəcəksiniz və nəticədə düşünmə bacarıqlarınız da inkişaf edəcək.

#5 Oxumaq, oxumaq yenə də oxumaq!

Beşinci başlığın sizi məyus etdiyini görə bilirəm, amma qərar verməkdə tələsməyin 😀 Oxumaqdan nə qədər qaçsaq da, inkişaf etməyimiz üçün çox vacib olduğunu bilirik. Üstəlik oxumaq, yeni sözlər öyrənməyin də ən yaxşı yoludur. Ana dilimizdə olan kitabları oxuyarkən belə, yeni sözlər öyrənirik. Odur ki, ingilis dilində kitablar oxusanız  minlərlə yeni  söz öyrənmiş olacaqsınız. Hardan başlayacağınız, necə edəcəyiniz haqqında bir fikriniz yoxdur? Narahat olmayın , aşağıda bütün suallarınızı cavablandırmışam.

Əvvəlcə, “Nə oxumalıyam?” sualınıza cavab tapaq. Nə istəsəniz oxuya bilərsiniz. Buna ən yaxşı siz qərar verə bilərsiniz. Sizi maraqlandıran mövzularda  məqalələr və ya kitablar oxumağa çalışın ki, oxumaqdan bezməyəsiniz. Məsələn: idmanla maraqlanırsınızsa, bu mövzuda məqalə və ya xəbərləri ana dilimizdə deyil, ingilis dilində oxumağa çalışın. Oxuyarkən mütləq ki, bilmədiyiniz sözlər olacaq dərhal qeyd edin və öyrənin. Artıq ikinci dəfə həmin məqaləni oxuduqda cümlələri daha rahat tərcümə edəcəksiniz və bu sizi motivasiya edəcək.

Daha qalıcı olaraq söz öyrənmək istəyirsinizsə, çalışın sözü və aid olduğu cümləni birlikdə öyrənəsiniz.Bu zaman siz artıq sözü xatırlayarkən, cümləni də xatırlamış olacaqsınız. Nəticə olaraq, sözün mənasını daha yaxşı xatırlayacaq, həmçinin sadəcə sözü deyil, artıq bütünlüklə cümləni xatırlayacaqsınız. Ayrılıqda sadəcə sözü öyrəndiyinizdə xatırlamaq çətin ola bilər cümlə ilə birlikdə öyrəndiyinizdə isə unutsanız belə, cümlə sizə sözün mənasını xatırladacaqdır.

Hardan oxuya bilərsiniz? – kitabları ilkin versiya hesab edə bilərik. Bilik səviyyənizə uyğun kitablar və ya sizi maraqlandıran romanlar oxuya bilərsiniz. Əgər onlayn oxumaq istəyirsinizsə, sizin üçün qeyd etdiyim veb saytlara göz atın.

Veb saytlar

Breaking News English – 1 – dən çox möhtəşəm özəlliyə sahib veb saytla qarşınızdayam. Əgər xəbərlərlə maraqlanırsınzsa, bu saytda  7 səviyyədə ödənişsiz oxuya biləcəyiniz, 3129  xəbər var. Üstünlüklərindən biri isə eyni bir xəbəri bir neçə səviyyəyə uyğun  formada təqdim etməsidir bu isə, daha çox yeni söz deməkdir. Həmçinin burada oxuduğunuz mətnin səs yazısını dinləyərək tələffüzünü də öyrənə bilərsiniz.Beləliklə, mətndə gördüyünüz və necə tələffüz edildiyini bilmədiyiniz yeni sözü Google translate’də yazıb, səsləndirməyinizə ehtiyac qalmayacaq. Digər özəlliklərini saytı araşdıraraq özünüz kəşf edə bilərsiniz.

English Online – burada bir çox mövzuda yüzlərlə məqalələr var.Sizi maraqlandıran mövzuda məqalə tapıb oxuya bilərsiniz. Veb saytın sizə yardacaq üstünlüyü: mətnlərin içərisində  işlənən bir sıra sözlər açıqlamaları ilə birlikdə list formasında mətnlərin aşağısında qeyd olunmuşdur.

Daha çox məqalə saytları ilə tanış olmaq üçün İngilis dilində məqalə oxumaq üçün saytlar bloqumuza keçid edə bilərsiniz.

İNGİLİS DİLİNDƏ SÖZ ÖYRƏNMƏK ÜÇÜN 5 EFFEKTİV  METOD

Dostlar, son olaraq, ingilis dilində söz öyrənmək işini məcburiyyət kimi görməyin onu tamamilə günlük yaşamınıza daxil edərək, zövq almağa çalışın və səbrli olun. Dil öyrənmək sandığımızın əksinə çətin deyildir sadəcə sistemli və iradəli şəkildə çalışmaq lazımdır. Çox çalışın ancaq əylənməyi də unutmayın.Özünüzü sıxmadan, bunu daha əyləncəli şəkildə həll etməyə çalışın. Mütləq bəhrəsini görəcəksiniz. Uğurlar dostlar !

Nigar Abbaszadə