Salam, dostlar! Bloqumuzun yeni məqaləsi xarici dil öyrənmək haqqındadır. Yenidən karantində olduğumuz bu günlərdə hər kəs bir şəkildə vaxtını dəyərləndirməyə çalışır. Vaxtını səmərəli keçirməyə çalışıb xarici dil öyrənmək istəyənlər üçün bu yazı olduqca maraqlı olacaq. Elə isə krizi fürsətə çevirməyə başlayaq!
Mövzumuz xarici dil öyrənmək zamanı nələrə diqqət etməli və bu proses zamanı hansı addımlardan necə istifadə edə bilərikdir. Öyrəndiyiniz xarici dil istər ingilis dili, istərsə də rus dili olsun burada istifadə etməli olduğunuz 5 əsas addım var.
Xarici dil öyrənmək üçün addım 1 – Bol-bol oxuyun
İstənilən xarici bir dili öyrənərkən ilkin olaraq bu dildə söz bazanızın olması önəmlidir. Söz bazanız olduğu zaman sizin dil ilə bağlı bütün bacarıqlarınızda (oxuma, yazma, dinləmə və danışma) inkişaf etmək daha asan olacaq. Adətən söz bazasını artırmaq üçün lüğətlərdən istifadə olunaraq sözlər əzbərlənir ancaq, bu metod həm olduqca effektiv deyil, həm də darıxdırıcı və yorucudur. Kitab, məqalə və ya sevdiyiniz bir mövzu haqqında oxumaq isə sizə söz öyrənməyə sərf etdiyiniz vaxtı maraqlı bir hala gətirir. Həmçinin, siz bu yolla söz öyrənmək ilə yanaşı cümlə strukturunu öyrənir, oxuma və anlama bacarığınızı inkişaf etdirir, yeni bir şeylər əldə edir və ən əsası bunu sevərək edirsiniz.
Xarici dil öyrənmək üçün addım 2 – Sevdiyiniz hər bir şeyi dinləyin
Xarici dil öyrənməyin bəlkə də ən əsas qaydası o dildə bir şeylər dinləməkdir. Bu “metodu” biz körpə uşaqlarda görə bilərik. Körpə uşaqlar heç bir qrammatika biliyinə, söz bazasına sahib olmadan dili rahatlıqla öyrənirlər. Bəs bunu necə edirlər? Sadəcə dinləyərək və ətrafdakı prosesləri müşahidə edərək. Siz də öyrəndiyiniz dildə səviyyənizə uyğun musiqilər, radio verilişləri, podcastlar dinləyərək və ya serial, film, sənədli film və ya hər hansısa bir sevdiyiniz video izləyərək dinləmə bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. İlk səfərdə heç nə anlamasanız belə davamlı olaraq bunu edin. Müəyyən bir vaxtdan sonra qulağınız artıq o dilə aşina olacaq.
Xarici dil öyrənmək üçün addım 3 – Hər gün mütləq yazın
İstənilən bir şeyi öyrənməyin effektiv yolu öyrəndiklərinizi tətbiq etməkdən keçir. Bu metod xarici dili öyrənən zaman da keçərlidir. Gün ərzində öyrəndiklərimizin böyük bir faizi biz onu tətbiq etmədiyimiz zaman unudulur. Bunun olmaması üçün biz gün ərzində öyrəndiyimiz məlumatları daim qeyd etməli və təkrarlamalıyıq. Əgər siz gün ərzində nələrsə oxuyursunuzsa və orada bilmədiyiniz sözlər varsa, onu dəftərinizə yazın. O sözdən öz cümlələrinizi qurun. Əgər siz gün ərzində nə isə dinləyirsinizsə, günün sonunda yadınızda qalanları hekayə kimi yazın, özünüzə danışın. Bu addımı ilk iki addım kimi hər gün davamlı olaraq etdiyiniz zaman faydasını görəcəksiniz.
Xarici dil öyrənmək üçün addım 4 – Səhv edərək danışın
Burada dili nə qədər və hansı səviyyədə bilməyinizin bir önəmi yoxdur. Siz bildiklərinizi danışsanız belə yetərlidir. Bunun sayəsində siz dil ilə bağlı kompleksinizdən qurtulacaq, sərbəst danışmaq üçün özgüvən qazanacaq və həmin dilə öyrəşəcəksiniz. Ətrafınızda bu dildə danışan insanlar tapın və onlarla bu dildə danışmağa başlayın. Əgər sizin belə bir çevrəniz, tanışınız yoxdursa, onda bunun üçün internetdən bir nəfər tapa bilərsiniz. Əgər bu da sizdə alınmırsa, o zaman öz-özünüzlə danışın. Güzgüyə baxarkən, duş alarkən, bir mövzu haqqında düşünərkən, yol ilə gedərkən. Faydasını bir müddət sonra görəcəksiniz.
Xarici dil öyrənmək üçün addım 5 – Öyrəndiyinizi dili sevin
Sonuncu və ən önəmli addım! Sevin! Bəli, bəli! Siz xarici bir dili öyrənməyə başlayarkən ən önəmli faktor bu dili sevməyiniz və qəbul etməyinizdir. Əks halda bütün bu proseslər sizin üçün əsl əziyyətə çevriləcək. Öyrəndiyiniz dil sizə cəza yox hədiyyə olmalıdır!
Sonda məqaləni oxuyan hər bir kəsə təşəkkür edirəm. Ümid edirəm ki, xarici dil öyrənməkdə sizə yardımcı olacaq məlumatlar əldə etdiniz. Saytımızda olan digər bir məqaləni – Rus dili öyrənmək üçün səviyyələr üzrə filmlər yazımızı oxumaqla film izləyib dil bilginizi artıra bilərsiniz.