Fərdi şəkildə ingilis dili öyrənmək istəyənlər, ekrana yaxın əyləşin! Bu bloqumda filmlərdən ingilis dili öyrənmək üçün  metodlar haqqında danışacam.

Filmlərdən ingilis dili öyrənmək üçün metodlardan öncə bir neçə nüansa baxaq 🙂

İnsanın ünsiyyət qurmağı üçün anlamaq və anlatmaq olmaq üzrə 2 bacarığı var. Bu bacarıqlar isə öz daxilində 2 hissəyə ayrılır. Oxuma və dinləmə – anlama bacarığına, yazma və danışma isə  anlatma bacarığına daxildir.  Hətta hazırlaşdığımız bir çox imtahan TOEFL, İELTS və s bizi bu 4 əsas  bacarıq üzərindən sınayar və test edər.  Bu 4 istiqaməti inkişaf etdirərək, ingilis dilində sərbəst danışa bilərsiniz. Bu bloqumda məhz bu 4 istiqaməti əyləncəli şəkildə necə inkişaf etdirə biləcəyinizdən bəhs etmişəm. Odur ki, başlayaq !

#Qrammatika ilə yola çıxan yolda qalmaz

Hansı dili öyrənməyimizdən asılı olmayaraq,  o dildə qrammatika öyrənərək yola başlamalıyıq. Xüsusən cümlənin strukturunu anlamaq üçün minimum cümlə quracaq səviyyədə qrammatika öyrənmək lazımdır.

#Məsləhətim var, kinolara bax !

“İngilis dilini öyrənmək istəyirsənsə, həmin  dildə kinolara bax”  bu cümləni yəqin ki, çoxlarından eşitmisiniz . Bəli haqlıdırlar ingilis dilini öyrənmək üçün mütləq şəkildə həmin dildə filmlər izləməliyik. Hər kəs bu məsləhəti verir, ancaq heç kim necə edəcəyinizi demir. Bu bloqda məhz filmlərdən ingilis dili öyrənmək üçün metodlardan danışacam. Hər birini ardıcıl və tam şəkildə davamlı olaraq tətbiq etsəniz nəticəsini qısa müddətdə görəcəksiniz.

Başlamadan öncə sizin üçün kiçik amma çox vacib qeydlərim var :

Filmsiz qalmayaq!

İngilis dili öyrənmək üçün filmlər seçərkən sevdiyiniz janrda olan film və seriallara üstünlük verin ki, sıxılıb yarım saxlamayasınız. Çalışın həm də dil səviyyənizə uyğun  və ya bir üst level filmlərdən başlayasınız.

Ən pis plan, plansızlıqdan daha yaxşıdır

Planlayın dostlar, qarşınıza nə çıxarsa planlayın 🙂  Qarşınıza məqsəd qoyduğunuz hər şey kimi ingilis dili öyrənmək üçün də plan hazırlayın. Məsələn: 20 bölümü 2 həftə ərzində bitirməyiniz üçün özünüzə uyğun saatlar təyin edin. Lakin real bölgülər edin fantastik bölgülər etməyin ki, planınızı tamamlaya biləsiniz 🙂 Deadline seçərkən nəzərə alın ki, filmə sadəcə baxmayacaqsınız, həm də öyrənəcəksiniz. Bu isə vaxt tələb edir.

Dəftərlərinizi hazırlayın, döyüş başlayır !

Filmi izləməyə başlamadan öncə qeyd dəftərinizi hazırlayın, çünki filmə baxarkən mütləq ki, qeydlər götürəcəksiniz. Bu yolda qeyd dəftərinizi ən yaxın dostunuza çevirin. Gələcəkdə təkrarlamağınız üçün də sizə çox kömək edəcək 🙂

ingilis dili sinaq dersi

İndi isə keçək “filmlərdən ingilis dilini necə öyrənmək olar? ” sualınıza cavab tapmağa. Cavabı aşağıda qeyd etdiyim 6 metodda tapacaqsınız.

#Kino kimi ingilis dili öyrənmək metodları

  1. Filmlərdən ingilis dili öyrənmək üçün filmləri mütləq ingilis dilində alt yazı ilə izləyin. İzləyərkən bilmədiyiniz bir çox söz və cümlələrlə qarşılaşacaq, hətta bəzən tamamilə anlamayacaqsınız. Narahat olmayın, məhz bilmədiklərinizi öyrənmək üçün burda olduğunuzu xatırlayın və davam edin.
  2. Seçdiyiniz filmi sizə uyğun olacaq şəkildə hissələrə bölün. Məsələn  1. Bölüm 30 dəqiqədir. Bu filmi 3 hissəyə bölüb, 10 dəqiqəlik videolar şəklində izləyin. Bu 10 dəqiqəlik hissələri isə dinləyib tam anlayanadək dəfələrlə təkrarlayın. Hissələrə bölməkdə məqsəd filmdəki cümlələri qarışdırmadan daha dəqiq öyrənməkdir.
  3.  Əvvəlcə, böldüyünüz filmin ilk hissəsini heç bir alt yazı olmadan izləyin. Lakin bu zaman diqqətlə dinləməyə çalışın ki, bildiyiniz sözlər və ya cümlələri bilmədiklərinizdən ayıra biləsiniz. Bu sizin dinləyib anlama bacarıqlarınızı inkişaf etdirəcək. Yeni başlayarkən biraz çətin olacaq, amma əmin olun ki,  bölümün sonrakı hissələrinə keçəndə artıq özünüz fərqi görəcəksiniz və bu sizi motivasiya edəcək.
  4. İkinci təkrar zamanı ingilis dilində alt yazı ilə izləməyə başlayın. Bu dəfə izləyərkən bilmədiyiniz cümlələri videonu saxlayaraq qeyd edin və elə həmin dəqiqə tərcüməsini və sözlərin cümlə içərisində işlənməsini araşdırın. Bu araşdırmada köməyinizə çatacaq bir veb saytı bloqun sonlarına yaxın hissədə qeyd etmişəm.
  5. Araşdırmanızı tamamlayıb, qeydlərinizə göz gəzdirin və üçüncü dəfə bir daha həmin hissəni izləyin. Bu dəfə isə öyrəndiyiniz cümlələrlə bir daha alt yazısız baxın  və  baxdıqca həmin cümlələri , dialoqları filmdəki kimi səsləndirməyə çalışın. Əgər bir təkrara daha ehtiyacınız olduğunu düşünsəniz çəkinmədən  dəfələrlə təkrar edin 🙂  Tam anlayıb həmin cümlələri özünüz də qura bildikdən sonra, filmin böldüyünüz digər hissəsinə keçid edib eyni ardıcıllığı yenidən həmin hissə üçün  tətbiq edin.
  6. Öyrəndiyiniz sözləri, cümlələri yolda gedərkən, yemək yeyərkən, qısacası beyninizi öyrənmək üçün işə salmadığınız vaxtlarda dəfələrlə danışaraq təkrar edin. Hətta öyrəndiyiniz sözlərdən yeni cümlələr yaradın. Sanki həmin filmin aktyor və aktrisası sizsiniz, bütün rollar sizdədir və səhnə sizindir.
Son olaraq,

Dostlar, gördüyünüz kimi filmlərdən ingilis dili öyrənmək üçün istifadə edəcəyiniz metodlarla həmin dili əylənərək öyrənə bilərsiniz. Bu metodlarla həm yeni sözlər öyrənə, həm də bloqun əvvəlində də bəhs etdiyim 4 əsas bacarığın hər birini inkişaf etdirə bilərsiniz. Filmdən qeydlər götürərək yazmağı, yazdıqlarınızı oxuyaraq, oxuma bacarığınızı  , filmdəki dialoqları dinləyərək dinləmə, dialoqları təkrar edərək isə danışmağı öyrənə və irəli səviyyədə inkişaf etdirə bilərsiniz.

Metodları öyrəndik, indi isə film seçimində sizə kömək edəcək İngilis dilini öyrənmək üçün filmlər – səviyyələr üzrə! bloqumuza keçid edib, filminizi seçərək, izləməyə başlamaq vaxtıdır 🙂

Araşdırma üçün köməyinizə çatacaq veb sayt : Reverso Context – klikləyərək veb sayta daxil ola bilərsiniz. Təəssüf ki, azərbaycan dilinə tərcümə yoxdur, lakin türk dilinə tərcümə də işinizə yarayacaq. Filmdə gördüyünüz sözləri tərcümələri və nümunə cümlələrlə birlikdə hansı formada işlənə biləcəyini öyrənə bilərsiniz.

uşaqlar üçün ingilis dili dərsləri

Unutmayın ki, bütün bu eforun nəticəsini görməyiniz üçün zaman lazımdır. Özünüzə zaman tanıyın! Öyrənməyi davamlı şəkildə sürdürsəniz məqsədinizə çatacaqsınız.   Bugünki bloqumda filmlərdən ingilis dilini necə öyrənə biləcəyinizdən bəhs etdim. Ümid edirəm sizin üçün faydalı olacaq.

Uğurlar dostlar !

Nigar Abbaszadə