İngilis dilini anlamaq ancaq danışa bilməmək sıxca qarşılaşdığımız bir problemdir. Məktəblərdə və kurslarda qrammatikaya üstünlük verilməsi və s. buna səbəbiyyət verən xeyli nüans var. İngiliscə danışa bilmək məsələsinə gəldikdə, çoxumuz ‘istəsəm çox danışa bilərəm’ deyirik, ya da sadəcə ‘dərdimi danışacaq qədər ingiliscə bilirəm’ deyirik və problemdən canımızı qurtarırıq. Düzü bəzi insanların dərdini anlatmağa heç öz ana dili də yetmir də, o başqa bir bloqun mövzusudur. Yaxşı bəs ingiliscə səlis və daha yaxşı danışa bilmək üçün nə edə bilərik?

1. Qəlibləri, deyimləri və ifadələri öyrənin.

Sözlərin sayından əlavə, deyimlər, atalar sözləri və fərqli ifadələr də bir dili zənginləşdirən ünsürlərdəndir. İngiliscə öyrənərkən deyimləri heçə saymayın. Məsələn, birisi ilə söhbət edərkən qarşı tərəf  “bigger fish to fry” ifadəsini istifadə etdikdə, edəcək daha önəmli işlərinin olduğunu nəzərdə tutur və sizin bunu anlamağınız üçün deyimləri bilməyiniz lazımdır. Unutmayın ki, müxtəlif ingiliscə deyimlərdən istifadə etmək nitqinizə zənginlik qatacaqdır.

2. Ayna qarşısında özünüzlə danışın.

Bəlkə də bu dəlilik kimi gələ bilər, ancaq özüm də daxil bir çox insanın istifadə etdiyi effektiv bir metoddur. Aynadakı əksinizi bir dostunuz kimi görün və ingiliscə danışın. Özünüz, ailəniz haqqında məlumat və özünü təqdimat kimi gündəlik mövzulardan başlayın. Vaxt keçdikcə və bu mövzularda danışmaq üzrə özünə inam qazandıqca daha yaxşı ingiliscə danışa bilmək və inkişaf etdirmək üçün daha mürəkkəb mövzulara keçin. Mümkünsə, səs yazma cihazınızla və ya telefonunuzla qeyd edərək danışığınız bitdikdən sonra özünüzü dinləyin. Səs qeydinizi etdiyiniz səhvləri tapıb düzəldə bilər və daha da yaxşı nəticə əldə edə bilərsiniz. İngiliscə danışa bilmək, yaxud səviyyənizi inkişaf etdirmək istəyirsinizsə elə indicə gedin və tanış olun aynadakı dostunuzla.

3. Podkastlar dinləyin və ingiliscə videolara baxın.

Sözlərin düzgün tələffüzünü və dialoqların gedişatını anlamaq üçün ingiliscə danışıqlara kifayət qədər məruz qalmaq və eşitmək ingiliscə danışa bilmək üçün vacibdir. Podkastları telefonunuza istədiyiniz kimi yükləyə və ictimai nəqliyyatda olarkən, evdə dincələrkən və ya yatmazdan əvvəl, bir sözlə, istədiyiniz zaman dinləyə bilərsiniz. British CouncilBBC müxtəlif səviyyələrdə və fərqli mövzularda ingiliscə öyrənmək üçün podkastlar təqdim edir. Filmlər və maraq dairənizə uyğun ingiliscə videolar üçün isə istənilən brauzerdə axtarış verməyiniz kifayətdir. bu haqda İNGİLİS DİLİNİ ÖYRƏNMƏK ÜÇÜN FİLMLƏR – SƏVİYYƏLƏR ÜZRƏ! bloqumuza da nəzər yetirə bilərsiniz.

4. İngiliscə səlis danışa bilmək üçün xaricə gedin.

Bəlkə də dediyimiz ən bahalı və hal-hazırki pandemiya dövrünə görə məhdudiyyətli bir metoddur, ancaq dediklərimiz içində ən effektividir. Fikrimcə ingiliscə səlis danışa bilmək, bu dildə danışarkən özünə inam və sərbəst hərəkət edə bilmək ən asan şəkildə ingilis dilli mühitlərdə olmaqla əldə edilə bilər. İngilis dilində danışan bir mühitə girməyin ən asan yolu, şübhəsiz ki, turist və ya tələbə olaraq xaricə getməkdir. Əksər xarici ölkələrdə ingilis dili ana dili olaraq danışıldığından fərqli vurğuları alqılamağa və anlamağa, sözlərin düzgün tələffüzünü öyrənməyə alışırsınız. Buna görə də ingiliscə danışmaq sizin üçün asan olur. Buna imkanınız yoxdursa internet vasitəsilə özünüzə ana dili ingiliscə olan dost da tapa bilərsiniz.

Faydalı olması diləyilə.

Müəllif: Pərviz Seyidli.