Türkiyə universitetlərində Erasmus+ proqramı və bu proqrama müraciət prosesinin mühüm hissələri ilə tanış olacaqsınız.
Bəlkə dəfələrlə adını eşitdiyiniz, bəlkə də heç vaxt adı qarşınıza belə çıxmayan bu proqramın nə olduğundan, kimlərin bu proqramda iştirak edə biləcəyindən və Türkiyədə oxuyan tələbənin proqramda iştirak etmək üçün nələrə diqqət etməli olduğundan bəhs edəcəyik.
Erasmus+ proqramı Avropa Birliyinin proqramıdır və məqsədi Avropada təlim, təhsil, idman və gəncliyi dəstəkləməkdir.
Avropalıların ölkələrindən kənarda təhsil almaq, təlim keçmək və təcrübə qazanmasına şərait yaradan bu proqramın illik büdcəsi isə 14,7 milyard avrodur.
Türkiyə universitetlərində Erasmus+ proqramından tələbələr bakalavr, magistr və doktorantura pillələrinin hər birində 1 il müddətinə istifadə edə bilirlər. Tələbələr tədrisə gedəcəkləri universitetin proqram müddətindən asılı olaraq minimum bir semestr və maksimum 2 semestr təhsil ala bilirlər. Əgər tələbə 12 aylıq haqqının hamısını istifadə etmək istəyərsə, 2 semestr təhsil və 3 aylıq təcrübə proqramına davam etməlidir. Əgər tələbə istəyərsə sadəcə 3 aylıq təcrübə haqqını da istifadə edə bilər.
bəs ingilis dili imtahanına girməliyik?
Qeyd edək ki, ingilis dili imtahanı oxuduğunuz ölkə və universitetə görə dəyişir. Türkiyə universitetlərində Erasmus+ proqramında iştirak etmək üçün ya universitetin özünün təşkil etdiyi ingilis dili imtahanına girməlisiniz, ya da IELTS və ya TOEFL kimi beynəlxalq sertifikatınız olmalıdır. Universitetlərin öz imtahanları 3 mərhələdən ibarət olur: reading, writing və speaking. Sizin keçid balını keçməyinizdə imtahan balından əlavə universitetdəki orta balınız da önəmlidir. Odur ki, əgər Erasmus+ proqramına qoşulmaq istəyirsinizsə universitetdə orta balınızı yüksək tutmağa çalışmalısınız.
Beləliklə, siz ingilis dili imtanından keçib əsas siyahıya daxil olandan sonra təhsil alacağınız universiteti və ya təcrübə keçəcəyiniz şirkəti tapmalısınız. Hər universitetin özünün müqavilə imzaladığı universitetlərdən ibarət siyahısı olur. Siz də oxuduğunuz universitetin bu siyahısını tapmalı və sizin ixtisasınızdan olan tələbələri qəbul edən universitetlərdən birini seçməlisiniz. Daha sonra isə universitetlə əlaqə yaratmalısınız. Əgər universitet sizi qəbul etməyə razı olarsa sizə qəbul məktubu göndərəcəkdir. Bundan sonra siz artıq Türkiyə universitetlərində Erasmus+ proqramına başlamaq üçün lazım olan digər proseslərə başlayırsınız.
Sonrakı mərhələlərdə isə bəzi sənəd işlərini həll etməli və viza üçün müraciət etməlisiniz. Türkiyədə oxuduğunuz və iqamətgahınız olduğu üçün viza müraciətini orada həyata keçirməlisiniz. Vizaların verilmə müddəti isə ölkədən ölkəyə fərqlənir. Viza prosesi ən uzun çəkən ölkələrdən biri Çexiyadır ki bu proses 50 gün çəkə bilir. Universitetinizdəki dərslərin başlama vaxtını nəzərə alaraq viza müraciətini vaxtında etməlisiniz.
Təqaüd olacaqmı?
Türkiyə universitetlərində Erasmus+ proqramı üçün təqaüd verilir. Tələbənin alacağı təqaüd onun qəbul olduğu universitetin yerləşdiyi ölkəyə əsasən müəyyənləşdirilir. Həyat şəraiti bahalı olan ölkələrə gedən tələbələrə digərlərinə nisbətən daha çox təqaüd verilir.
Erasmus+ proqramı tələbələrə xarici ölkədə oxumaq, ingilis dilini inkişaf etdirmək, fərqli mədəniyyətlərlə tanış olmaq kimi fürsətlər yaradır.
Əgər Türkiyədə oxuyursunuzsa və Erasmus+ proqramında iştirak etmək kimi bir şansınız varsa bunu mütləq dəyərləndirin. Yox əgər bu proqramda iştirak etməyi qarşınıza məqsəd olaraq qoymusunuzsa buna nail olana qədər əl çəkməyin.
Bütün prosesləri keçib proqramda iştirak etməyə haqq qazandıqdan sonra isə bu fürsətinizi yaxşı dəyərləndirin.
Erasmus+ proqramına müraciət etmədən əvvəl ingilis dilinizi inkişaf etdirmək istəyirsinizsə ingilis dilini öyrənmək üçün filmlər yazımıza nəzər sala bilərsiniz.