Xaricdə təhsil almaq istəyən tələbələr bir sıra hallarda bu işləri hansısa şirkətə və ya şəxsə həvalə edir. Əlbəttə ki, burada qəbahət heç nə yoxdur. Məsələ budur ki, bəzən həmin şirkət və ya şəxslər onlara müraciət edən insanların inamından istifadə edir, aldadır, dələduzluğa yol verir və heç nə olmamış kimi (ən pisi də budur) həyatlarına davam edirlər. Bəs, xaricdə təhsil işlərini görən şirkətlərə müraciət edərkən nələrə diqqət etmək lazımdır? Həm Türkiyə, həm də Avropada yerləşən universitetlərlə sənədləşmə işlərini görən şirkətlər və ya şəxslər haqqında bir neçə məqama toxunmaq istərdim.

Yazının məzmunu:

  1. Xaricdə təhsil şirkətlərinin həqiqi üstünlüyü
  2. Şirkətlərin yalançı üstünlükləri
  3. Türkiyədə imtahanasız 100% attestatla təhsil
  4. Türkiyədə tibb təhsili
  5. IELTS olmadan qəbul
  6. İtaliyada 100%-lik təqaüdlə təhsil
  7. Narahat olma, adamımız var viza alacağıq
  8. Xaricdə təhsil şirkətlərinin həqiqi üstünlüyü

1. Xaricdə təhsil şirkətlərinin həqiqi üstünlüyü

Xaricdə təhsil işi ilə məşğul olan şirkət və ya şəxslərin əsas üstünlüyü budur ki, onlar müəyyən göstəricilər ilə (məsələn, IELTS 5.5 və GPA 70) hansı universitetlərdən qəbul gələcəyini daha yaxşı bilirlər. Və eyni zamanda hansı sənədləri necə, nə vaxt hazırlamalı olduğu barədə də dəqiq məlumata sahibdirlər. Əlavə olaraq, viza və yaşamaq icazəsinə müraciət məsələlərində də yardımçı (bu xidmət hamısına aid deyil) olduqları üçün şirkət və ya şəxslərə işi həvalə etmək olar. Bu baxımdan, tələbə olmaq istəyən şəxs vaxt və pul itirmir, eynilə müraciətə gecikmək və digər məsələlərdə də çətinlik çəkmir. Bir daha qeyd edim ki, bu işlərin hamısını tələbə özü də görə bilər, sadəcə müəyyən qədər araşdırma tələb olunur.

ingilis dili endirimli

2. Şirkətlərin yalançı üstünlükləri

Xaricdə təhsil şirkətləri və xaricdə təhsil mövzusunda ən birinci mif hansısa bir şirkətin universitet qarşısındakı absurd üstünlüyü ilə bağlıdır. Məsələn, tələbə olmaq istəyən adamı inandırırlar ki, müraciəti şirkət etsə, həmin adama 100% qəbul gələcək. Və yaxud da, şirkətin müraciət etməyi tələbənin müraciət etməyindən qat-qat effektiv olacaqdır. Əslində isə məsələlər göründüyü kimi deyil. Əgər, bir şəxs universitetin tələblərinə cavab verirsə, bu zaman müraciət və qəbul məsələlərində hər hansı bir xırda fərqdən belə söhbət gedə bilməz. Tələbənin xarici dil biliyi, yaxşı qiymət göstəriciləri varsa, çox rahat şəkildə özü müraciət edib, özü qəbul ala bilər. Burada, əsas məsələ universitetin tələblərini bilmək, müraciətin son tarixini keçməmək və sənədləri düzgün hazırlamaqdır, vəssalam. Dolayısıyla, hansısa bir şirkət göstəriciləri nəzərə almadan deyirsə ki, “Biz sizi reytinqli X bir universitetə əməkdaşlıq çərçivəsində 100 faiz qəbul etdiririk”, buradan birmənalı şəkildə uzaqlaşmaq lazımdır. Çünki, reytinqli X bir universitet özünü hörmət salıb, hansısa bir şirkətin istənilən tələbəsini kor-koranə şəkildə qəbul etməz.

3. Türkiyədə imtahansız 100% attestatla təhsil

Türkiyənin çox az sayda universitetlərinə yalnız attestat ilə qəbul almaq mümkündür. Bir çox şirkətlər isə insanları “Türkiyəyə imtahansız 100% Attestla qəbul” məsələsində əsas məqamı gizlədib aldadırlar. Əsas məqam da budur ki, həmin universitetlər ya ucqar bir şəhərdə (və ya rayonda) yerləşirlər, yaxud da, özəl universitet olurlar. Özəl universitetlərin təhsil haqqı isə dövlətə nisbətən baha olur. Eyni zamanda, bir çox valideyn dövlət universitetini özəldən üstün tutduğu üçün bu məqamda aldanmış hesab olunurlar. Son nəticədə isə, insanlar məcbur qalaraq (qohum-qonşudan ayıblıq, əsgərlik və s.) hansısa bir ucqar universiteti və ya bahalı özəl universiteti seçməli olurlar. Yadda saxlamaq lazımdır ki, reytinqli və böyük şəhərlərdə yerləşən universitetlər attestatla yanaşı DİM (Dövlət İmtahan Mərkəzi) və ya SAT (Scholastic Aptitude Test) nəticəsini də tələb edirlər.

4. Türkiyədə tibb təhsili

Xaricdə təhsil şirkətlərinin bir digər fırıldağı isə Türkiyədə tibb təhsili üçün sənədlərin saxtalaşdırılmasına meyilli olmasıdır. Türkiyədə tibb təhsili üçün attestat qiymətlərinin hamısının əla olması tələb olunur. Düzdür ki, ucqar universitetlərdə bu tələb bir az yumşaq ola bilər, amma burada söhbət tamamilə keyfiyyətli təhsildən gedir. Attestat qiymətlərinin tamamən 5 olması isə yenə də qəbul üçün kifayət etmir. Attestla yanaşı tələb olunan yüksək SAT və ya universitetlərin özünəməxsus olan YÖS (türkcə Yabancı Öğrenci Sınavı) nəticələri də bir sıra hallarda saxtalaşdırıla bilir. Məsələn, SAT və ya YÖS imtahanının düzgün cavabları satılır və ya YÖS imtahanında tələbəyə kömək olunur. Son nəticədə isə, saxta nəticələrlə tələbə olan şəxs dərsləri qavraya bilmədiyi halda (böyük ehtimalla da, qavraya bilməyəcək) universitetin özü tərəfindən imtahan oluna və əvvəlki saxtalaşdırılmış nəticəsi (eləcə də, qəbulu) ləğv oluna bilər.

5. IELTS olmadan qəbul

Beynəlxalq ingilis dili sertifikatının olmaması və bu halda necə seçim etmək haqqında əvvəl bir məqalə yazmışdım. Daha sonra isə digər bir yazıda qeyd etmişdim ki, IELTS 5,5 nəticə ilə hansı universitetlərdə təhsil almaq mümkündür. Yazdığım yazılardakı qaydalara riayət edilsə, saxta bir iş və ya fırıldaq bir fəaliyyətdən söz gedə bilməz. Xaricdə təhsil işi ilə məşğul olan müəyyən şirkətlər isə sertifikatın olmaması ilə 100%-lik qəbulu elə reytinqli universitetlərə söz verirlər ki, həmin universitetlər heç bir halda sertifikat olmadan qəbul etmir.

Bir çox hallarda valideyn və ya tələbə inandırılır ki, filan bir universitetin şirkətlə xüsusi müqaviləsi var, dil sertifikatı və ya müsahibə olmadan qəbul mümkündür. Belə olanda, mütləq şəkildə həmin müqavilə tələb olunmalıdır, həmin universitet ilə əlaqə saxlanılmalıdır. Əgər şirkətin nümayəndəsi bu müqaviləni təqdim etməkdən imtina edərsə (əksər hallarda da imtina olunur), demək ki, belə bir şey mümkün deyil və ya sertifikatın özü belə saxtalaşdırılır. Yəni, şirkət tələbə üçün saxta bir sertifikat hazırlayır və qəbulunu alır. Burada isə çox böyük risk tələbənin (bir çox hallarda tələbənin xəbəri olmadan) üzərinə düşür. Çünki, daha sonra bu sertifikatın saxta olması müəyyənləşərsə, tələbə universitetdən qeyd-şərtsiz çıxarıla bilər.

Digər məqam isə IELTS-siz qəbul edən universitetlərin reytinqinin çox aşağı olmasıdır. Bir sıra hallarda, tələbələrlə söhbət edərkən məlum olur ki, bir sıra şirkətlər aşağı keyfiyyətli bir universiteti (əsasən Polşada) çox yaxşı bir təhsil ocağı kimi tərifləyirlər. Hətta, utanmadan oraya göndərdikləri saysız-hesabsız tələbələrdən belə bəhs edirlər. Əslində isə həmin universitetlər nə normal təhsil verə bilir, nə diplomunun bir hörməti olur, nə də tələbələrə yaxşı bir xidmət göstərə bilir.

6. İtaliyada 100%-lik təqaüdlə təhsil

Avropada təhsil almaq istəyən yoldaşlar hədəf ölkə kimi adətən İtaliyanı da düşünürlər. İtaliyanı seçməkdə həm obyektiv, həm subyektiv, həm də digər səbəblər var. Obyektiv və subyektiv səbəblər aydındır. Digər səbəblər isə xaricdə təhsil şirkətlərinin verdiyi vədlərdir. Bir sıra şirkətlər “İtaliyada 100% təqaüdlü təhsil” adı ilə reklam edirlər, müəyyən məqamları da gizlədirlər. Bəs gizlətdikləri məqamlar nədir? İtaliyada ən çox müraciət olunan təqaüd proqramlarından biri haqqında yazmışdım. Orada qeyd etmişdim ki, təqaüdün həcmi bir il üçün maksimum 5,500 avro olur. Və bu məbləğ tələbəyə tam verilə bilər, verilməyə də bilər. Yəni, Azərbaycanda ofisdə oturub tələbəyə min cürə vəd verən insan, həmin təqaüd proqramına başqa kimlərin də müraciət etdiyini heç zaman bilə bilməz. Bu baxımdan, 5,500 avronu tam həcmdə əldə etmək məsələsi də sual altına düşmüş olur. Bu rəqəm 2,000 avro da ola bilər, 2,500 də, 3,000 də. Nəticə etibarı ilə, tələbə öz xərclərinin hesabını şirkətin vədinə güvənib 5,500 avro ilə götürməməlidir.

İkinci məqam isə həmin təqaüdün cavablarının adətən dekabr ayında bilinməsidir. Bəzi hallarda, tələbələr 5,500 avro vədinə aldanaraq İtaliyaya gedir və dekabra qədər böyük bir xərc çəkir və daha sonra məlum olur ki, stipendiya cəmi 2,200 avro (nümunə üçün qeyd etmişəm) olacaqdır. Bu baxımdan, bütün ən pis variantlar da nəzərə alınmalıdır.

7. Narahat olma, adamımız var viza alacağıq

Şirkətlər və ya şəxslərin ən çox fırıldaq etdiyi yollardan biri də vizanın alınması ilə bağlıdır. Əgər bir şəxsin Azərbaycanda kriminal bir fəaliyyəti olmayıbsa, məhkəmədə şahid kimi qeydiyyatda deyilsə, vergi borclarına görə dövlət “stop” qoymayıbsa, viza məsələlərində sıxıntı olacağını düşünmürəm. İş orasındadır ki, bəzi hallarda şirkətlər əvvəlcədən vizadan rədd cavabı almış şəxsi (və ya digər bir problemi olan) 100 faizlik viza təminatına inandırırlar. Bu işin də müqabilində yüzlərlə manat tələb edirlər. Sorğu-sual etdikdə isə, şirkət bildirir ki, səfirlikdə “adam”-ımız var və viza məsələsini “düzüb-qoşacaq”. Birmənalı şəkildə bilmək lazımdır ki, heç bir şirkətin hansısa bir səfirlikdə viza işlərini “düzüb-qoşan” adamı yoxdur. Bəli, kiminsə səfirlikdə bir tanıdığı insan ola bilər, həmin insan isə müəyyən xırda köməkliyi göstərə bilər. Məsələn, tələbənin bir sənədində bir hərf səhvini qəbul edə bilər. Amma, həmin insan ölkədən qovulmuş şəxsə heç zaman viza verə bilməz. Bu kimi məsələləri mütləq yadda saxlamaq lazımdır.

Təsadüfi sitat: “Bütün çiçəkləri qopara bilərlər, amma yenə də baharın gəlməsinə əsla əngəl ola bilməzlər.” (Pablo Neruda)

IELTS imtahanı ilə bağlı daha ətraflı məlumat üçün IELTS İMTAHANI NƏDİR? IELTS İMTAHANI HAQQINDA 2021 bloqumuza da nəzər yetirə bilərsiniz.

Müəllif : Samil Niftalıyev