Xarici dil öyrənmək üçün motivasiyanızı artıracaq 5 tövsiyə – Demək olar ki, əksər insanlar iş, təhsil, səyahət və s. şəxsi səbəblərə görə yeni bir xarici dil öyrənmək istəyirlər. Ancaq müşahidələr göstərir ki, insanların çoxu öyrənmə prosesinə nə qədər qazlı və həvəsli başlasalar da (təbii ki, burda “motivator”ların xüsusi qazını görməzdən gələ bilmərik) az bir hissə sona qədər davam edir və istədiyi xarici dili öyrənir. Bu səbəbdən bu gün sizlərlə xarici dil öyrənmək istəyənlərin və ya hal-hazırda öyrənənlərin motivasiyasını artıracaq tövsiyələri bölüşmək istəyirəm. Başlayaq:

1. Niyə bu dili öyrənmək istəyirsiniz?

Bu dili nə üçün öyrənmək istəyirsiniz? Bunu çox yaxşı bilməlisiniz, bilmirsinizsə müəyyən etməlisiniz. Sizi ən çox motivasiya edəcək səbəblərdən biri budur çünki. Qətiyyətinizi və əzminizi yaşadan, canlı saxlayan məqsədinizdir. Yorğun olanda və öyrənməkdən vazkeçmək dərəcəsinə çatdıqda ağlınıza gələn “səbəbiniz” sizi yenidən hərəkətə gətirəcək.

2. Realist olun.

“3 həftədə İspanca öyrənin”, “1 ayda ana diliniz kimi Çin dilində mahnı oxuyun”, “30 günə Nataşa ilə danışın” kimi absurd kampaniyalara inanmayın. Əlbəttə ki, insan müəyyən şərtlər və metodlar daxilində bir xarici dil öyrənərkən çox sürətli irəliləyə bilər, ancaq özünüzü aldatmayın. Hər hansı bir xarici dil öyrənmək nə çox çətin, nə də çox asandır. Bunu unutmayın, tələsməyin və səbrlə mənimsəyin.

3. Səhv etmək sizi həvəsdən salmasın.

Uşaqlar ana dilini öyrənərkən necə gözəl səhvlər edirlər, düzdür? Səhv etməkdən də narahat olmurlar. Heç kim onları qınamır. Ətrafdakı insanlar belə bunu bəyənir. Uşaqların tez bir zamanda dil öyrənməsinin səbəblərindən biri də səhv etmək narahatlığının olmamasıdır. Eynilə, azərbaycanca danışmağa çalışan və öz diliylə qarışıq cümlələr quran xariciləri də dil qatili saymırıq. Ümumiyyətlə şirin səslənir. Onların etdikləri qrammatik səhvlər və söz səhvləri çox gözə batmır. İnanın ki, bu bizim xarici dildə danışarkən yol verdiyimiz səhvlərə də aiddir. Xaricilər də sizi dillərinin qatili kimi görməyəcəklər. Beləliklə gündəlik söhbətlərinizdə səhv edə bilərsiniz və bu sizin xarici dil öyrənmək üçün etdiyiniz şirin səhvlərdən biri olacaq. Əlbəttə ki, bu cür səhvlər akademik və peşəkar iş həyatında xoş qarşılanmır. Ancaq öyrənmə mərhələsindəsinizsə bu çox normaldır. Səhv etməkdən qorxmayın.

4. Əylənərək öyrənin.

Dil öyrənmək özü əyləncəli bir fəaliyyətdir. Ancaq bəzən insanlar dil öyrənərkən sıxılır və ya həvəsdən düşürlər. Belə olduğu hallarda öyrənmə prosesini əyləncəli hala gətirməyə çalışın. Öz yollarınızı və metdounuzu tapın. Sevdiyiniz fəaliyyətləri öyrənmək istədiyiniz dildə edin. Öyrənmək istədiyiniz xarici dildə oyun oynamaq, video izləmək, podkast, musiqi dinləmək, cizgi filmlərə baxmaq və s. fəaliyyətlər həvəsinizi artıracaq.

5. Çalışın, çox çalışın və daha çox çalışın.

Bəlkə də bir çoxunuza qəribə gələ bilər, ancaq mən düşünürəm ki, bir işdə həvəsimizin həmişə təzə qalmağını və hədəfimizə çatmaq istəyiriksə o işdə qaydalı və davamlı şəkildə çalışmağımız önəmlidir. Baxmayaraq ki, xarici dili əyləncəli öyrənməkdən bəhs edən tövsiyə verdim, ancaq inanın ki, yeni bir xarici dil öyrənmək tamamilə əyləncəli bir proses deyil. Özünüzü məcbur etməli və komfort zonasından çıxmalısınız. Məqsədiniz üçün əsas qrammatika qaydalarını öyrənməlisiniz. Sözləri əzbərləməlisiniz. Yazı bacarıqlarınızı inkişaf etdirmək üçün yazmalısınız. Ancaq onsuz da bunlardan ləzzət alıram deyirsinizsə, nə gözəl. Uğurlar və faydalı olmağı diləyilə!

Əgər kitab oxumağı sevən birisinizsə və bunu dil öyrənərkən istifadə etmək istəyirsinizsə, İNGİLİS DİLİ ÖYRƏNMƏK ÜÇÜN KİTABLAR- SƏVİYYƏLƏR ÜZRƏ adlı bloqumuza da nəzər yetirə bilərsiniz.

Müəllif: Pərviz Seyidli