Müasir dünyamızda artıq ana dilindən əlavə ikinci bir dil bilmək olduqca vacibdir. Xüsusilə də ingilis dili və ölkəmizdə daha çox populyar olan və vacib sayılan rus dili. Beynəlxalq ünsiyyət dili hesab olunan ingilis dilini bilmədiyiniz anda, qısamüddət bundan öncə SSRİ-nin təsirindən çıxmış ölkəmizdə rus dilinin hələ də aktual olduğu, olduqca vacib sayıldığı və bu dili də bilmədiyiniz anda siz artıq iki addım geridə olursunuz. İstər təhsil, istərsə də iş həyatınızda önəmli faktor olan bu xarici dilləri öyrənmək artıq sizin üçün bir hobbidən çox zərurət halını almış olur. Bəs xarici bir dili necə öyrənmək lazımdır?
Əslində mən deyərdim ki, biz bu sualdan öncə başqa bir önəmli sualı özümüzə verməliyik. Xarici dil öyrənərkən edilən səhvlər hansılardır ?
Çox vaxt ətrafımda insanların dil öyrənə bilməmələrindən gileyləndikləri ilə qarşılaşıram. Onlar hər dəfə bir kurs tapır, kursa yazılır və heç bir səviyyəni bitirməmiş “Heç nə öyrətmirlər” deyərək kursdan çıxırlar. Əslində burada problem demək olar ki, çox vaxt kursdan yox, şəxsin özündən qaynaqlanır. Əgər siz xarici bir dil öyrənməyə qərar verirsinizsə, burada sizin mütləq etməməli olduğunuz şeylər var. Əks halda siz heç bir nəticə əldə etməyərək başladığınız işi yarımçıq qoymuş olacaqsınız. Bəs bunun səbəbi nədir?
Yuxarıda da qeyd etdiyim kimi əslində burada edilməsindən daha çox edilməsi gərəkən şeylər var. Xarici bir dil öyrənməyə başlayarkən ilk öncə öyrənmək üçün edilən addım və metodlardan çox xarici dil öyrənilərkən edilməməsi gərək səhvləri bilmək və bunları etməməyə çalışmaq lazımdır.
Xarici dil öyrənərkən edilən səhv – 1.Əzbərçilik
Məktəbin bizlərə qatdığı mənfi bir xüsusiyyət var. İstənilən hər hansısa biri məlumatı öyrənmək istəyərkən onu əzbərləmək. Bu metod bəlkə də sizə şeir öyrənmək istədiyiniz vaxt kömək edə bilər ancaq digər hallarda bir mövzunu, məlumatı dəqiqləşdirmədən, səbəbini bilmədən, niyə? sualını vermədən və ən əsası onu dərk etmədən sadəcə əzbərləmək sizə heç nə qatmayacaq. Əzbərləmək xarici dil öyrənərkən edilən ən böyük səhvlərdən biri hətta, xarici dil öyrənmənin düşmənlərindən biridir. Xarici dili öyrənmədən öncə mütləq əzbərləmək və öyrənmək sözlərinin mənaları barədə araşdırın. Ənənəvi yol olan əzbərləmək ilə xarici dil öyrənməkdən vaz geçin. Misal olaraq, əgər siz söz bazanızı artırmaq istəyirsinizsə, lüğətdən sadəcə sözləri əzbərləməyin. Bu sizə onları istifadə etməyə kömək etməyəcək. Bunun yerinə, sözləri cümlələrdə işlədin, xüsusi sayt və proqramlardan istifadə edərək həmin sözün ingiliscə mənasına baxın və öyrənin, o sözün istifadə olunduğu videolar izləyin.
Xarici dil öyrənərkən edilən səhvlər – 2.Tələsmək
Demək olar ki, bir çox insanın etdiyi səhv budur. Bunu kursa yazılmaq istəyən şəxslərin verdiyi ilk suallarda – “Nə qədər vaxta öyrənərəm?”, “Bir aya öyrədirsiniz?”, “Qrammatika olmadan öyrədirsiniz?” görmək olar. Xarici dil öyrənərkən tələsmək edilən digər ən böyük səhvlərdən biridir. Siz işə tam dolu bir motivasiya ilə başlayırsınız, “Hər şeyi edəcəm, öyrənəcəm” deyirsiniz ancaq başladığınız vaxtdan heç çox bir vaxt keçməmiş artıq xarici dil öyrənməyə olan həvəsiniz ölür. Çünki siz nəticə əldə etmədiyinizi, heç vaxt danışa bilməyəcəyinizi düşünməyə başlayırsınız. Dostlar, ancaq bu belə deyil! Əmin olun ki, heç kim xarici dil öyrənməyə başlayan kimi o dildə bül-bül kimi ötməyə başlamır. Öyrəndiyiniz xarici dili mənimsəməyinizə vaxt vermək lazımdır. Siz öz-özünüzə icazə verməlisiniz ki, bir az vaxt keçsin, baza yığasınız. Üç və ya dörd dərs keçməklə siz həmin an danışa bilmərsiniz. İlk öncə o dildə mütləq hər gün məşğul olmalı, söz və qrammatika bazası yığmalısınız və bu proses yaxşı danışa bilməyiniz üçün minimium 6 ay tələb edir. Səbirli olun və tələsməyin.
Xarici dil öyrənərkən edilən səhvlər – 3.Ara vermək
Bunu çox vaxt bunu tələbələrdə tətillər, yay ayları gədiyi zaman və adətən, univeristetlərdə imtahanlar başlayan zamanlarda görürük. Ancaq, dostlar, başladığınız bir işi dayandırmaq, kursunuzu dondurmaq və ya ara vermək ancaq sizin əleyhinizədir. Çünki, siz ara verdiyiniz andan etibarən artıq həmin xarici dil ilə uzaqlaşmağa, həmin dildən soyumağa başlayırsınız. Hətta bir müddət keçdikdən sonra sizin həvəs və motivasiyanız da yox olmağa başlayır. Bunun vasitəsilə də siz hər dəfə yenidən və yenidən başlamaq məcburiyyətində qalır, öyrənməyə başladığınız xarici dili, səviyyəni bitirə bilmirsiniz. Məsləhətim budur ki, başladığınız dili, o dildə olduğunuz səviyyəni bitirmədən dayanmayın. Əgər mütləq ara vermək məcburiyyətindəsinizsə, xüsusi bir proqramla, hər hansısa bir tapışırqlar etmədən sadəcə praktika ilə davam etməyə çalışın. Qeyd edim ki, “ink academy”də bunun üçün bir həll yolu mövcuddur. Siz “ink academy”də xüsusi hallar üçün yazılmış proqrama ,əsasən, nə dərs, imtahan və işlərinizidən, nə də ki öyrənməyə başladığınız xarici dildən geri qalmayacaqsınız.
Xarici dil öyrənərkən edilən səhvlər – 4.Utanqaclıq
Bir çox insan xarici dili yaxşı bilsə belə danışa bilmir. Çünki danışmır! Qorxur ki, danışarkən nə isə səhv edər, hansısa sözü səhv deyər. Ancaq sizə deyim ki, xarici dil öyrənərkən danışmaq, yazmaq və digər proseslər zamanı nə isə səhv etmək çox normaldır. Çünki siz o xarici dili öyrənməyə və mənimsəməyə başlayırsınız. Necə ki körpə uşaqlar tam danışmağı öyrənənə kimi səhvlər edirlər. Ancaq onların biz böyüklərdən bir fərqi var. Onlar qorxmurlar və nədənsə utanmırlar. Buna görə də, qısamüddət ərzində danışmağı öyrənə bilirlər. Siz də səhv eləməkdən qorxmayın, quracağınız cümlənin düz olmayacağını bilsəniz bilə o cümləni deyin, hər nə olursa olsun öyrəndiyiniz xarici dildə danışmaqdan çəkinməyin. Bu kimi səhvlər xarici dil öyrənmək prosesində sizə olduqca yardımcı olacaqdır. Utanmayın, bu səhvləri etməkdən çəkinməyin. Bu kimi səhvlər xarici dil öyrənmək zamanı həmişə mütləq olacaq və həmçinin bunlar sizə xarici dili daha yaxşı öyrənməkdə təkan olacaqdır. Nə olursa olsun siz xarici dil öyrənməyə olan həvəs və motivasiyanızı itirmədən davam edin.
Xarici dil öyrənərkən edilən səhvlər – 5.Tənbəllik
Gəldik sonuncu, hamımızın dərdi olan tənbəllik məsələsinə. Xüsusilə də xarici dil öyrənmək prosesi zamanı tənbəllik edilməsi o dili öyrənməyə olan həvəs və motivasiyamızı itirməyə səbəb olur. Bilmədiyiniz bir söz ilə rastlaşdığınızda onu axtarıb, mənasını öyrənib, cümlədə işlədib, daha sonra danışarkən istifadə etməyə çalışmaq sizə bəzən ağır bir yük kimi gələ bilər. Ancaq unutmamaq lazımdır ki, proseslər bir-birilə sıx əlaqədədir. Bir şeyi etməməyə qərar verdiyiniz an, sanki kəpənək effekti kimi, bir proses digərinə təsir etməyə başlayır. Xarici dili öyrənmək üçün bu gün tənbəllik edirsiniz, bu tənbəllik sayəsində bir şeyləri ertələmiş olursunuz, həmin ertələdiyiniz işlər – axtarmalı olduğunuz söz, yazmalı olduğunuz inşa, baxmalı olduğunuz videolar yığılıb qalır və sonda siz bir müddət ara verməyə qərara alırsınız. Dostlar, xahiş edirəm bunu etməyin. Xarici dil öyrənmək üçün sözlər öyrənməyə, bir şeylər yazmağa, bir şeylər izləməyə və oxumağa ehtiyacınız var. Bu çox normaldır və bunun üçün ayırdığınız vaxt boşa deyil. Buna görə də, xarici bir dili öyrənməyə göstərdiyiniz səy olduqca önəmlidir. Daima araşdırın, oxuyun və öyrənin!
Sonda isə məqaləni oxuduğunuza görə hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, sizlər üçün faydalı olmuşdur. Qısa zamanda xarici dil öyrənmək istəyirsinizsə 5 Addımda xarici dil öyrənmək oxumaq üçün linkə daxil olmanız yetərlidir.
Müəllif: Vəfa Əhməd